ELM VƏ TƏHSİL
TQDK qabiliyyət imtahanının nəticələrini açıqlayıb VİDEO
Bakı, 1 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il iyulun 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər öz elektron ərizələrinə daxil olaraq (www.e-gov.az/az/services/read/2641) imtahan nəticələri və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət alıb. Onlardan 45 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Abituriyentlər imtahan nəticələri ilə bağlı avqustun 4-də saat 10.00-dan 17.00-dək TQDK-da yaradılmış Apelyasiya komissiyasına müraciət edə bilərlər.