ELM VƏ TƏHSİL
TQDK qəbul imtahanlarında yüksək nəticə əldə etmiş şəxslər haqqında yeni layihə həyata keçirəcək
Bakı, 17 avqust, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, komissiya layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyədək keçirilən qəbul imtahanlarında yüksək bal toplamış, eləcə də 1999-cu ildən çap olunan “Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc edilən şəxslər haqqında məlumatlar yerləşdirəcək. Layihənin məqsədi yüksək bal toplamış gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq.
Yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailiyyətlərinin nümunə olaraq təqdim edilməsi ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.