REGİONLAR
TQDK sədri Şabranda şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Şabran, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə martın 11-də Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində şimal rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Qəbul zamanı Şabran, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarının sakinləri Komissiya sədrinə buraxılış və ali məktəblərə qəbul, sınaq imtahanları, təhsil haqqı, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
TQDK-nın sədri qəbula gələn hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə tapşırıqlarını verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.