REGİONLAR
TQDK sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Şamaxı, 19 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 19-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə TQDK-nın sədri M.Abbaszadə və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbula gələn vətəndaşlar TQDK sədri tərəfindən diqqətlə dinlənilib. Müraciətlər əsasən magistraturaya qəbul, sınaq imtahanlarının sayının artırılması, bakalavr səviyyəsinə qəbul qaydaları, buraxılış imtahanları, ali məktəblərə qəbul, təhsil haqqı və digər məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə, operativ həll edilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb, həlli üçün nəzarətə götürülüb. Komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar qəbulun təşkilinə və yaradılan şəraitə görə razılıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, qəbulla bağlı vətəndaşlara kütləvi informasiya vasitələri və komissiyanın internet resursları vasitəsilə qabaqcadan məlumat verilib. Qəbula gəlmək istəyənlərin komissiyanın internet saytında, TQDK-nın Göyçay regional bölməsində, habelə müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.