REGİONLAR
TQDK sədri Xaçmazda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Xaçmaz, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Xaçmaz şəhərindəki Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonundan qəbula gələn sakinlərin müraciətləri əsasən ikinci ali təhsil, təhsil haqqının ödənilməsi, dərsliklərin və testlərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə əlaqədar olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.