ELM VƏ TƏHSİL
TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq
Bakı, 4 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu komissiyalarında (SQK) təsdiqlətdirməli olan abituriyentlərin rahatlığının təmin edilməsi, onların vaxtlarına, vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradacaq.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu qurumun respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiqlətdirməli olan abituriyentlər ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiqlətdirə biləcəklər.
Səyyar SQK-ların iş qrafiki TQDK-nın internet saytında yerləşdirilib.