MƏDƏNİYYƏT
“TRT Avaz” səkkiz yaşını Bakıda qeyd etdi
Bakı, 21 mart, AZƏRTAC
Martın 21-də Heydər Əliyev Mərkəzində “TRT Avaz” telekanalının yaradılmasının səkkizinci ildönümü və Novruz bayramı münasibətilə Qala konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri 26 ölkə və 15 muxtar respublika olmaqla, 300 milyon tamaşaçı canlı izləyib.
“Natiq” ritm qrupunun çıxışı ilə başlanan konsert proqramı tamaşaçılara xoş anlar bəxş edib. Tədbirdə türk dünyasının birliyinə, eləcə də “TRT Avaz”ın efir fəaliyyətinin səkkiz illiyinə həsr edilmiş film nümayiş olunub. Filmdə fəaliyyətə başladığı gündən telekanalın ortaq türk mədəniyyətini dünyaya çatdırmaq istiqamətində gördüyü böyük işlər əksini tapıb.
Bayram tədbirinin maraqlı məqamlarından biri də türk dünyasının Nizami, Yunus Əmrə, Nəsimi, Füzuli, Natəvan, Şəhriyar kimi söz ustadlarının şeirləri əsasında təqdim edilən ədəbi-bədii kompozisiya olub.
Bayram konsertində “Qarabağ şikəstəsi” qrupu, Azərbaycanın xalq artistləri Azərin və Alim Qasımov, Türkiyənin tanınmış müğənnisi Emre Aydın və digər sənətçilər çıxış ediblər.
Bəstəkar Gövhər Həsənzadənin quruluş verdiyi bayram tədbirinə Nanə Ağamalıyeva və Həsən Urgançı aparıcılıq ediblər.
“TRT Avaz” telekanalının yaradılmasının səkkizinci ildönümünə və Novruz bayramına həsr olunmuş konsert Bakıdan dünyaya çatdırılıb.