CƏMİYYƏT


TUMİB Ermənistanın dinc əhaliyə qarşı vəhşiliyini qətiyyətlə pisləyir

Bakı, 6 iyul, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc əhali arasında itkilərlə nəticələnib. Atəş nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva (Allahverdiyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çoxlu sayda cinayətlər törədib.

Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Ona görə də cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlarına ara vermir. Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir”.

Bəyanatda TUMİB Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz missiyalarına uyğun olaraq, Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırıb. Qeyd edilib ki, əks halda Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı hərbi əməliyyatların yenidən alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.