CƏMİYYƏT
TUMİB narkomaniya əleyhinə növbəti tədbiri Qazaxda keçirib
Bakı, 10 iyul, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Qazax şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihə çərçivəsində tədbir keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb.
Qazax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov narkomaniyaya qarşı illərdir müxtəlif vasitə və metodlarla mübarizə aparıldığını vurğulayıb. O, vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib.
İctimai Birliyin sədri Çingiz Bayramov layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, layihə Bakı şəhəri ilə yanaşı, həm də Qazax, Tovuz, Ağcabədi, Şirvan və Biləsuvar rayonlarını əhatə edir. Narkomaniyanı “əsrin bəlası” adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. O, əmin olduğunu bildirib ki, ardıcıl maarifçilik işi aparmaqla yeniyetmə və gənclər arasında pis vərdişlərə qarşı müqaviməti gücləndirmək mümkün olacaq. Narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da fəal iştirak etməli olduğunu deyib.