MƏDƏNİYYƏT
“TÜRKDİLLİ DÖVLƏTLƏRİN KİNO TARİXİ”
İncəsənət Fondu və ölkənin ən nüfuzlu elm-təhsil ocaqlarından olan Memar Sinan Universiteti “Türkdilli dövlətlərin kino tarixi” adlı üçcildlik kitabı çap etmişdir. Türkdilli xalqların yaşadığı geniş regionun zəngin kino sənətinin dolğun və ardıcıl şəkildə araşdırıldığı bu əsərin müəllifi həmyerlimiz, tanınmış rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılovdur.
Əsərin ilk cildi Azərbaycan kino sənətinə həsr edilmişdir. Kinematoqrafiya tariximizə professional baxış isə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin kinematoqrafçılarla görüşdə söylədiyi bu sözlərlə başlayır: “Azərbaycan kinosunun gələcək inkişafı və
tərəqqisi üçün mən əlimdən gələni edəcəyəm, sənətkarlıq isə sizin əlinizdədir”. Müəllif dövlətimizin başçısının bu qayğısının Azərbaycan kinematoqrafçıları üçün ilham mənbəyi olduğunu xüsusi vurğulayır.
Hazırda İstanbulun Memar Sinan Universitetinin televiziya və kino fakültəsində dərc deyən professor Tofiq İsmayılov AZƏRTAC-ın müxbirinə qısa müsahibə vermişdir:
-Türkiyəyə gəldiyim vaxt burada nəinki tamaşaçıların, hətta həmkarlarımın da Azərbaycan kinosu, onun zəngin tarixi haqqında ətraflı məlumatının olmadığını gördüm. O zaman düşündüm ki, belə bir əsərə böyük ehtiyac duyulur. Ona görə də dəfələrlə Orta Asiyanın türkdilli ölkələrinə getdim. Kino ilə əlaqədar nəşrlərlə, elmi əsərlərlə tanış oldum. Bildiklərimi, gördüklərimi bu kitabda topladım. Bu cildlərdə türkdilli ölkələrin kino tarixi, kinematoqrafçıları haqqında məlumatlar, filmlərin qısa mövzusu öz əksini tapmışdır. Hər cildin sonunda rus və ingilis dillərində qısa xülasə və filmlərin xronoloji ardıcıllıqla siyahısı təqdim olunmuşdur. Cildlərdə 1500-dən artıq fotoşəkil verilmişdir. Ümidvaram ki, bu əsər həmkarlarım üçün ciddi mənbə, kinosevərlər üçün isə maraqlı kitab olacaqdır.
Türkiyənin “TRT”, “BRT”, “Saman yolu”, “TQRT” televiziya kanalları əsər barədə xəbərlər vermiş, “Zaman”, “Türkiyə”, “Yeni şəfəq” qəzetləri müəlliflə müsahibələr dərc etmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara