SİYASƏT
TÜRKİYƏ DAĞLIQ QARABAĞDA KEÇİRİLƏCƏK “SEÇKİ”LƏRİ QEYRİ-QANUNİ HESAB EDİR
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Hüseyn Diröz 2001-ci il sentyabrın 5-də Dağlıq Qarabağda keçiriləcək “seçki”lərə dair suala cavabında Türkiyənin bu məsələyə münasibətini açıqlayaraq demişdir:
- Dağlıq Qarabağ münaqişəsi Qafqazda sülh və sabitliyin qorunmasına, bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlıq ruhunun yaranmasına mane olan ən mühüm amil olmaqda davam edir. Türkiyə Respublikası bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri çərçivəsində müzakirələr yolu ilə daimi həll edilməsi zəruriliyinə inamını həmişə qeyd etmişdir. Hələ də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda yerli “seçki”lərin keçirilməsinin planlaşdırılması beynəlxalq hüquq müddəalarının və ATƏT prinsiplərinin pozulması kimi qəbul edilir. Türkiyə qeyri-qanuni vəziyyəti qanuniləşdirmək cəhdləri olan bu cür birtərəfli fəaliyyətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə aparılan səylərə kömək etməyəcəyinə inanır və bu “seçki”ləri qanunsuz adlandırır.