DÜNYA
TÜRKİYƏ PARLAMENTİNİN SƏDRİ BAKININ GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər fevralın 9-da Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olmuşlar.
Ömər İzgi İçərişəhərdə olarkən Şirvanşahlar Sarayının, Qız Qalasının qədim tarixi barədə məlumatı böyük maraqla dinləmişdir. Türkiyə parlamentinin sədri Bakının gözəl guşələrindən biri olan Nizami meydanında da olmuşdur.
Şəhərlə tanışlıq zamanı qonaqları Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Türkiyənin Bakıdakı səfiri Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev müşayiət etmişlər.
X X X
Həmin gün axşam Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və Milli Məclisin sədri Murtuz Ələsgərov, Türkiyə nümayəndə heyətinin üzvləri Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinə tamaşa etmişlər.
Türkiyə parlamentinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər fevralın 10-na keçən gecə vətənə yola düşmüşlər.