SİYASƏT
TÜRKİYƏ XƏZƏRDƏ BAŞ VERMİŞ HADİSƏNİ DİQQƏTLƏ MÜŞAHİDƏ EDİR
Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi avqustun 8-də keçirilmiş mətbuat konfransında verilmiş suala cavabında demişdir ki, Xəzər dənizinin hüquqi statusunun hələlik müəyyənləşməməsi ilə əlaqədar olaraq, İran birtərəfli şəkildə öz mövqeyini möhkəmləndirmək məqsədi ilə müəyyən tədbirlər görür. Türkiyənin iki qonşusu olan Azərbaycanla İran arasında son zamanlar baş verən insidentlər və yaşanmaqda olan sıxıntılar tərəfimizdən diqqətlə və yaxından müşahidə olunur.
Türkiyə qonşular arasındakı münasibətlərdə yaranmış anlaşılmazlıqların dialoq yolu ilə həll edilməsinə inanan bir ölkədir. Nəzərə alırıq ki, “güc tətbiq etməmək və güc tətbiq olunacağı ilə hədələməmək” prinsipi beynəlxalq hüququn və BMT-nin təməl prinsiplərindəndir.
Azərbaycan ilə İran arasındakı əlaqələrin də məhz bu anlayış çərçivəsində davam edəcəyinə və Xəzər dənizinin statusunun bütün sahilyanı ölkələrin iştirakı ilə hamını qane edəcək bir tərzdə, hüquqi əsaslarla müəyyən olunacağına inanırıq. Həmin fikirlərimizi İranın Ankaradakı səfirliyinə də bildirmişik.