DÜNYA
TÜRKMƏNİSTAN PREZİDENTİ “QƏDİR GECƏSİ” GÜNÜ 9 MİN MƏHBUSA AMNİSTİYA VERƏCƏKDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Türkmənistanın Prezidenti müqəddəs “Qədir gecəsi” günü 15,5 məhbusdan 9 mininə amnistiya verəcəkdir.
Bunu Saparmurad Niyazov hökumətin iclasında elan etmişdir.
Hər il keçirilən əfv aksiyasını oktyabr ayında - Türkmənistanın əsas milli bayramı olan Müstəqillik günündə gerçəkləşdirmək nəzərdə tutulmuşdur.
“Qədir gecəsi”ndə amnistiya elan etmək ənənəsi 1998-ci ildən başlanmışdır. Qurana görə, müqəddəs qədir gecəsində Allah-təala insanların taleyi barədə hökm verir, adi bəndələrsə keçmiş umu-küsünü unudurlar.
Amnistiya xüsusilə ağır cinayət törədənlərə - qatillərə, residivistlərə, vətən xainlərinə şamil edilmir. 2002-ci ildə 8 mindən çox məhbus, ötən il isə 7093 məhbus evə dönmüşdür. Onlar müqəddəs Qurana və S.Niyazovun “Ruhnamə” kitabına əl basaraq, qanunu bir daha heç vaxt pozmayacaqlarına and içmişlər.