SİYASƏT
TÜRKPA-nın müşahidəçi missiyası Qırğızıstanda parlament seçkilərini müşahidə edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Qırğızıstan parlamentinin dəvəti ilə TÜRKPA-nın müşahidəçi missiyası oktyabrın 4-də bu ölkədə keçirilən parlament seçkilərini müşahidə edib.
Missiya Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun rəhbərliyi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Serikjan Kanayev, Türkiyə Böyük Millət Məclisinin deputatı Erkan Aydın və TÜRKPA-nın baş katibi Jandos Asanovdan ibarət olub.
Müşahidəçi qrupu seçkilərdə iştirak edən Sosial Demokratik Partiya, Bir Bol, Atameken, Respublika-Ata Yurt partiyalarının rəhbərləri, Mərkəzi Seçki Komissiyasının sədri Tuyqunalı Abdraimov və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, eləcə də media təmsilçiləri ilə görüşüb.
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda parlament seçkilərinin milli qanunvericiliyə və beynəlxalq demokratik standartlara uyğun olaraq keçirildiyi nəticəsinə gəlib.
Seçki müşahidəsinin nəticələrinə dair rəy TÜRKPA Katibliyi tərəfindən yayılıb.