MƏDƏNİYYƏT
TÜRKSOY rəssamlarının pleneri başa çatıb
Bakı, 3 avqust, AZƏRTAC
Artıq 18 ildir ki, TÜRKSOY türkdilli ölkələrin rəssamlarının plenerini keçirir. Onlar iki həftə bir yerdə işləyirlər. Sonda yaratdıqları əsərlərin sərgisi təşkil olunur.
TÜRKSOY-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə Türkiyənin Aksaray şəhərindəki "Adese Park Site AVM" ticarət-əyləncə mərkəzində TÜRKSOY-un 18-ci pleneri iştirakçılarının sərgisi açılıb. Plenerdə Azərbaycanı Müşviq Əliyev təmsil edib.
Türk dünyası rəssamlarının və qrafika ustalarının növbəti görüşü Aksaray meriyası ilə birlikdə TÜRKSOY tərəfindən təşkil olunub.
Təntənəli açılış mərasimində iştirak edən Aksaray meri Haluk Şahin Yazqı tədbir iştirakçılarını təbrik edib. Mer ekspozisiya ilə ətraflı tanış olub, plenerin hər bir iştirakçısını salamlayıb.
O, plenerin Aksarayda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, burada yaradılan əsərlər TÜRKSOY tərəfindən dünyanın bir çox ölkələrində sərgilənəcək, Aksarayın mədəni irsini və görməli yerlərini bütün dünyada təbliğ edəcək.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qonaqpərvərliyə və mehribanlığa, plenerin təşkilində əməkdaşlığa görə Aksaray bələdiyyəsinin rəhbərliyinə təşəkkür edərək deyib: "TÜRKSOY rəssamlarının görüşləri artıq 18 ildir TÜRKSOY-un ənənəvi tədbirlər təqvimində xüsusi yer tutur. Bu görüşlərin yaradıcılıq ab-havası bədii mübadiləyə və mədəniyyətlərin zənginləşməsinə kömək edir. Birgə fəaliyyət zamanı yaranan əsərlər TÜRKSOY-un kolleksiyasını genişləndirir. Bu əsərlər dünyanın bir çox ölkələrində nümayiş etdirilir, türkdilli xalqların mədəniyyəti ilə tanış edir”.
Türkdilli ölkələrdən 21 rəssam iki həftə ərzində yüzdən çox əsər yaradıb. Sərgi şəhər sakinləri və yerli mətbuat tərəfindən böyük maraqla qarşılanıb.
Rəssamlar iki həftə ərzində Aksarayın orta əsrlər tarixi abidələri – Səlcuqlar dövrünə aid Böyük məscid və minarə, Zinciriyyə mədrəsəsi, Ağzıkarahan karvansarası, habelə İhlara vadisi, Güzelyurt, Narlıgöl kimi qoruq yerləri ilə tanış olublar.