MƏDƏNİYYƏT
TÜRKSOY təşkilatının 32-ci dönəm toplantısında Azərbaycan da təmsil olunur
Bakı, 21 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı işə başlayıb.
Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantı çərçivəsində TÜRKSOY təşkilatının baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatının dinlənilməsi, 2015-ci il üçün tədbirlər planının təsdiqi, təşkilatın yeni müddət üçün baş katibinin seçilməsi, 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq şəhərin müəyyən edilməsi və başqa məsələlərə dair qərarların qəbulu nəzərdə tutulub.
Toplantıya qatılmış nümayəndə heyətlərinin 2014-cü ildə Kazan şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” olması münasibətilə keçiriləcək bağlanış mərasimində, “Türkvision-2014” Beynəlxalq mahnı müsabiqəsinin final konsertində iştirakı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti tərəfindən qəbulu da nəzərdə tutulub.