ELM VƏ TƏHSİL
TÜRKSOY-un baş katibinə Xəzər Universitetinin fəxri doktoru adı verilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Xəzər Universitetində bu ali məktəbin, TÜRKSOY-un və Azərbaycan Müəlliflər Birliyinin birgə təşkilatçılığı ilə “Müasir akademik musiqinin inkişafı və perspektivləri. Müəllif hüquqlarının qorunması nümunəsi əsasında musiqi müxtəlifliyinin saxlanılması və inkişafı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın bəstəkar və mütəxəssisləri iştirak ediblər.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı mövzunun aktuallığını qeyd edib. O bildirib ki, universitetin elmi şurası türk xalqlarının mədəniyyətinin inkişafında töhfələrinə görə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinova Xəzər Universitetinin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib.
Sonra fəxri doktor diplomu D.Kaseinova təqdim olunub.
Qonaq bu şərəfə layiq görüldüyü üçün Xəzər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra konfrans işini davam etdirib. Tədbirdə iştirakçı ölkələrin mütəxəssislərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.