SİYASƏT
“TV Tokyo” kanalında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb VİDEO
Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə bu ölkənin “TV Tokyo” kanalının məşhur ”Zipanqu” proqramında ölkəmiz haqqında xüsusi veriliş nümayiş olunub.
“Zipanqu” proqramı və onun aparıcısı Akira İkeqami Yaponiyada populyarlığı ilə seçilir. Hazırda proqramın tamaşaçılarının sayı 7 milyondan çoxdur.
Verilişdə qeyd edilib ki, kanalın çəkiliş qrupu cari il avqustun 5-dən 15-dək Azərbaycanda səfərdə olub. Proqramda ölkəmizin iqtisadi inkişafına dair kadrlar və həyata keçirilən nəhəng layihələr barədə məlumatlar öz əksini tapıb. Azərbaycanın həm də “Odlar yurdu” kimi tanındığını diqqətə çatdıran aparıcı Bakı şəhərindəki “Alov qüllələri” kompleksinin məhz ölkəmizin simvolunu əks etdirdiyini vurğulayıb. Kompleksin üç alov dilimindən ibarət olmasını qeyd edən A.İkegami həmin qüllələrin hər birini öz məntiqinə əsasən izah etməyə çalışıb. Onun qənaətinə görə, birinci qüllə ölkənin iqtisadi inkişafını, ikinci qüllə təbii ehtiyatlarını, üçüncüsü isə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsini əks etdirir.
Proqramda ölkəmizin son illərdəki sürətli inkişafı, “Xəzər adaları”, “Bakı Ağ şəhər” kimi meqa layihələrin həyata keçirildiyi, neft-qaz layihələri və BTC boru kəməri haqqında dolğun məlumat verilib, Səngəçal terminalı və neft yataqlarından kadrlar göstərilib. Azərbaycanın turizm imkanları, Naftalan müalicəvi istirahət mərkəzi haqqında da danışılıb və qeyd edilib ki, bu mərkəz müalicəvi əhəmiyyətinə görə regionda xüsusi nüfuza sahibdir. Aparıcılar, həmçinin Xəzər dənizinin zəngin təbii ehtiyatları haqqında məlumat veriblər.
Verilişdə Yaponiyanın “İtochu” şirkətinin “Azəri-Çıraq-Günəşli” və BTC layihələrində iştirakından da bəhs olunub, “Kosuqi Zohen Co.LTD” şirkəti tərəfindən İsmayıllı rayonunda salınmış yapon bağının ölkələrimiz arasındakı mədəni mübadiləyə töhfə verdiyi qeyd edilib. Yapon əlbəyaxa döyüş növlərinin, xüsusilə idmanın karate növünün Azərbaycanda gənclər arasında rəğbətlə qarşılandığı vurğulanıb.
Proqramda Yaponiyanın “Fuci Meqane” optik eynək şirkətinin rəhbəri Akio Kanai tərəfindən ölkəmizdəki məcburi köçkünlərə və qaçqınlara edilən yardımlar haqqında kadrlar göstərilib. Bu insanların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşdükləri bildirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio