DÜNYA
Tacikistan ilə Çin arasında ticarət döviyyəsi 3 milyard dollara çatdırılacaq
Tacikistan prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, prezident Emoməli Rəhmon ilə ÇXR-in sədri Si Cinpinin görüşündə iki ölkə arasında siyasət, iqtisadiyyat, regional təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfat, təhsil, elm, texnika, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.
Qeyd olunub ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollardan artıqdır və yaxın 5 il ərzində bu rəqəmin 3 milyard dollara çatdırılması gözlənilir.
Düşənbə şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündən sonra başlayan rəsmi səfər çərçivəsində ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində 16 sənəd, o cümlədən “Tacikistan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı Birgə Bəyannamə” və “2015-2020-ci illərdə Tacikistan ilə Çin Xalq Respublikası arasında Əməkdaşlıq Proqramı” imzalanıb.
Si Cinpin daha sonra Tacikistan parlamenti məclisinin sədri Şukurjon Zuxurov və ölkənin Baş naziri Koxir Rasulzoda ilə görüşüb, Emoməli Rəhmonla birlikdə “Mərkəzi Asiya-Çin” qaz kəmərinin inşa olunması ilə bağlı mərasimdə iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə