İQTİSADİYYAT
Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsi ilə tanış olub
Bakı, 4 noyabr, AZƏRTAC
Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək məqsədilə İqtisadiyyat Nazirliyində olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tacikistan nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Görüşdə Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.