İDMAN


Taekvando üzrə Azərbaycan millisi dünya çempionatında bir qızıl və bir bürünc medal qazanıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Koreya Respublikasının Muju şəhərində Dünya Taekvando Federasiyasının təşkil etdiyi mundial başa çatıb. İyunun 24-30-da keçirilən yarışda 12 taekvandoçu ilə təmsil olunan Azərbaycan milli komandasının üzvləri bir qızıl və bir bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə - iyunun 30-da Azərbaycan taekvando tarixinin üçüncü qızıl medalına İslamiadanın qalibi, Avropa çempionu, Olimpiya mükafatçısı, komandalararası dünya kubokunun ikiqat sahibi Milad Beigi Hərçəqani sahib olub. M.Hərçəqani qarşılaşdığı rəqibləri - nigerli Djibo Bagna Kadrı (30:9), Yapon idmançısı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan Respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komandanının liderlərindən olan Milad həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Kuka böyük hesablı üstünlüklə qalib gəlib (41:5). Finalda isə rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın daha bir üzvü Məhəmməd Məmmədov (63 kq) yarımfinaladək qarşıladığı rəqiblərini mübarizədən kənarlaşdırıb. Bu mərhələdəki döyüşdə güclü İran təmsilçisi Mihaşem Hosseyni ilə qarşılaşan idmançımız görüşdə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatına layiq görülüb.

Qalib idmançılara medalları Dünya Taekvondo Federasiyasının prezidenti doktor Çunq Von Ço və başqaları təqdim ediblər.

“G12” kateqoriyalı çempionatın əvvəlki yarış günlərində kişi idmançılarımızdan Qaşım Maqomedov (54), Sina Bahrami (74 kq), Fizam Mehdiyev (58 kq), Ayxan Tağızadə (68 kq), Radik İsayev (87 kq-dan yuxarı), Ramin Əzizov (87 kq), qadınların mübarizəsində isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizədən məğlub ayrılaraq yarışı erkən başa vurublar. Komanda hesabında millimiz Koreya, Türkiyə, Serbiya, Rusiya, Böyük Britaniya, Çin Xalq Respublikasından sonra yeddinci yerdə qərarlaşıb.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidentləri Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə dünya çempionatında çıxışını uğurla başa vuran komandamız iyulun 2-də Vətənə qayıdacaq.

Xatırladaq ki, iki ildən bir keçirilən taekvando üzrə dünya çempionatları tarixində Azərbaycan idmançılarının aktivində iki qızıl medal olub. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazandırıb. 2015-ci ildə son dünya çempionatında isə 14 il fasilədən sonra Radik İsayev Rusiyada çempion tituluna sahib olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.