İDMAN


Taekvando üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb

Bakı, 3 iyul, AZƏRTAC

Koreya Respublikasında keçirilən taekvando üzrə böyüklər arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, yarışda bir qızıl və bir bürünc medal qazanan taekvando üzrə milli komandamızın üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

Yarışda komandamızı azarkeşlər, idmansevərlər, Azərbaycan Taekvando Federasiyasının (ATF) nümayəndələri, idmançıların ailə üzvləri və jurnalistlər qarşılayıblar.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut, ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev idmançılarımızın çıxışlarını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, millimiz dünya çempionatında iki medal qazanması böyük uğurdur. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları yüksək nəticələr dövlətimizin bu sahəyə olan diqqət və qayğısının göstəricisidir.

Ümumiyyətlə, 2017-ci ilin Azərbaycan taekvandosu üçün uğurlu olduğunu deyən natiqlər bildiriblər ki, bu ilin mayında keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçuları millimizin aktivinə doqquz medal yazdırıblar. Koreya Respublikasında keçirilən dünya çempionatında da Azərbaycan millisi yaxşı nəticə əldə edib. Komanda hesabında millimiz 183 ölkə arasında yeddinci, kişilərdən ibarət yığmamız isə dördüncü yerdə qərarlaşıb.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandosut qeyd edib ki, dünya çempionatında kişilərdən ibarət komandamız dördüncü yerə çıxdığı üçün və kuboka sahib olduğu üçün sevinirəm. Komandamız iki il əvvəl keçirilən mundialda 10-cu yeri tutmuşdu. Koreyadakı çempionatda iştirak edən 180-dən çox ölkədən yalnız yeddisi qızıl medala yiyələndi ki, onlardan biri Azərbaycandır. Hesab edirəm ki, bu yaxşı nəticədir.

Hədəfinin Tokio Olimpiadasında qalib gəlmək olduğunu bildirən dünya çempionumuz Milad Beigi Hərçəqani döyüşlərin onun üçün çətin keçdiyini, ancaq yarışa yaxşı hazırlaşdığı üçün qalib gəldiyini qeyd edib.

Dünya çempionatının bürünc mükafatçısı Məhəmməd Məmmədov deyib: “Yarışda nəticəm daha yaxşı ola bilərdi. Əvvəlki döyüşlərdə rəqiblərimə böyük üstünlüklə qalib gəldiyim üçün məşqçilər məndən çempion olmağımı gözləyirdilər. Ancaq gərgin mübarizədə güclü İran təmsilçisinə bir xal hesabı ilə məğlub oldum. İnşallah növbəti dünya çempionatında qalib olmağa çalışacağam”.

Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yaradılan yüksək səviyyəli şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dünya çempionatında iki medal qazandıqlarını deyən idmançılarımız Azərbaycan himnini uzaq Koreya Respublikasında səsləndirdikləri və bayrağımızı yüksəltdikləri üçün böyük sevinc və qürur hissi keçirdiklərini söyləyiblər. Onlar uğurlu çıxışlarını "Tokio-2020"də də davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

Qeyd edək ki, iyunun 24-30-da Koreya Respublikasının Muju şəhərində Dünya Taekvando Federasiyasının təşkil etdiyi dünya çempionatında 12 taekvandoçu ilə təmsil olunan Azərbaycan milli komandasının üzvləri bir qızıl və bir bürünc medala sahib olublar. Yarışın sonuncu günündə səksən kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz M.Hərçəqani bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da, Azərbaycan taekvando tarixinin üçüncü qızıl medalını İslamiadanın qalibi, Avropa çempionu, Olimpiya mükafatçısı, komandalararası dünya kubokunun ikiqat sahibi Milad Beigi Hərçəqani yazdırıb.

Komandamızın daha bir üzvü Məhəmməd Məmmədov (63 kq) yarımfinalda güclü İran təmsilçisinə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatına layiq görülüb.

Xatırladaq ki, iki ildən bir keçirilən taekvando üzrə dünya çempionatları tarixində Milad Beigi Hərçəqanidən əvvəl Azərbaycan idmançılarının aktivində iki qızıl medal olub. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazandırıb. 2015-ci ildə son mundialda isə 14 il fasilədən sonra Radik İsayev Rusiyada birinci olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.