İDMAN
Taekvandoçumuz Ayxan Tağızadə erməni rəqibinə qalib gələrək Universiadanın finalına yüksəlib
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycanın taekvando üzrə millisinin üzvü Ayxan Tağızadə (68 kq) Taypey şəhərində keçirilən Ümumdünya Yay Universiadasının finalına yüksəlib
AZƏRTAC xəbər verir ki, avqustun 22-də start verilən taekvando yarışlarının ilk günündə milli komandamızın iki üzvü mübarizə aparır.
Dayanq üzərinə çıxan Ayxan Tağızadə fransalı Fabio Franko Matteyə 19:7, böyük britaniyalı Jakob Barnettə 17:9, dörddəbir finalda Xavier Polo Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Həlledici döyüş uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryanı böyük üstünlüklə (31:14) məğlub edən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla üz-üzə gələcək. Bununla da idmançımız yarışların ən az gümüş medalını təmin edib.
Digər idmançımız Qaşım Maqomedov (54 kq) isə ilk rəqibi Embrion Hidayətullahdan (Hindistan) 29:19 hesabı ilə üstün olsa da, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Universiadanın taekvando üzrə yarışlarında ölkəmizi 12 idmançı təmsil edir.
Qeyd edək ki, taekvando yarışları avqustun 26-dək davam edəcək.