İDMAN


Taekvandoçumuz Fəridə Əzizova İslamiadanın gümüş medalı ilə kifayətlənməli olub

Bakı, 17 may, Nihad Budaqov, AZƏRTAC

“Bakı-2017”nin taekvando yarışlarında qadınların mübarizəsində 67 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əzizova finalda türkiyəli Nur Tatara 2:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bununla da Azərbaycan taekvandoçuları İslamiadada ikinci gümüş medalı aktivlərinə yazıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Azərbaycan idmançısı ilk görüşdə iranlı Parisa Cavadikouçaksaraelə 10:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Təmsilçimiz yarımfinalda özbəkistanlı Niqora Tursunkulovanı 3:0 hesabı ilə məğlub edib.

Fəridə Əzizova birinci Avropa Oyunlarının gümüş, dünya və Avropa çempionatlarının mükafatçısı, bir çox beynəlxalq və Qran-Pri turnirlərin qalibi və medalçısıdır. İslamiadanın idmançı səfiri olan F.Əzizova bu ilin fevralında Bakıda keçirilən böyüklər arasında respublika çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, həmin ay Antalyada keçirilən klublararası Avropa çempionatında bürünc medala sahib olub. Fəridə Əzizova cari ilin martında Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirində qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.