İDMAN
Taekvondoçumuz Patimat Abakarova “Rio-2016”da Azərbaycan millisinin aktivinə bürünc medal yazdırıb
Bakı, 18 avqust, AZƏRTAC
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə - avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşmada rəqibinə 2:3 hesabı ilə məğlub olub. P.Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Təmsilçimizin bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici döyüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub. Bu, Azərbaycanın taekvondo tarixində qazanılmış ilk olimpiya medalı olub.
AZƏRTAC-ın arayışı: İdmançı karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova 1994- cü il oktyabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında qatılıb. 2013-cü ildə İndoneziyadakı İslam Həmrəylik Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb. Ötən il Koreya Respublikasında hərbçilərin dünya çempionatında birinci, Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində isə üçüncü yerə sahib olub. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.
Bu ilin yanvarında İstanbulda təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya təsnifat turnirinin qalibi olan P.Abakarova, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Patimat Abakarova taekvondo üzrə bir çox beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıb.