İQTİSADİYYAT
Tahir Budaqov: Azərbaycan statistika sistemi bütün sahələr üzrə beynəlxalq standartlara tam uyğundur
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan statistika sistemi ümumilikdə bütün sahələr üzrə beynəlxalq standartlara tam uyğundur. Hətta ölkənin statistika sisteminin bir çox sahələri Avropa standartlarına çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Statistika Komitəsi tərəfindən mühüm işlər həyata keçirilib. Ötən ildən Avropa İttifaqı ilə birgə həyata keçirilən "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi üzrə bir çox işlər görülüb. Bu layihə çərçivəsində Statistika Komitəsinin mütəxəssislərinin qabaqcıl Avropa ölkələrinə təcrübə səfərləri təşkil edilib. Eyni zamanda, Almaniya, Niderland və Bolqarıstanın statistika komitələrinin mütəxəssisləri Statistika Komitəsində olub, təcrübə mübadiləsi aparılıb.
"Qlobal Qiymətləndirmə könüllü formada müraciətlər əsasında aparılır. Azərbaycan Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi ilk dəfə 2010-cu ildə keçirilib. Budəfəki, yəni Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin ikinci mərhələsi Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən aparılıb. Nəticə onu göstərir ki, son zamanlarda Azərbaycan statistika sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Hazırda Azərbaycan statistika sistemi ümumilikdə bütün sahələr üzrə beynəlxalq standartlara tam uyğundur. Hətta ölkənin statistika sisteminin bir çox sahələri Avropa standartlarına çatdırılıb", - deyə Tahir Budaqov qeyd edib.