MƏDƏNİYYƏT


Tahirə Cəfərova: Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik

Bakı, 20 dekabr, AZƏRTAC

Dünya xalqları arasında nüfuzu gündən-günə artan, beynəlxalq arenada yüksək mövqe nümayiş etdirən və dinamik inkişafa sahib olan müstəqil Azərbaycan, dünya dövlətləri sırasında zəngin sərvətləri, kübar mədəniyyəti, milli-mənəvi dəyərləri və yüksək intellekti ilə tanınır. Bu gün müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanla mənəvi-mədəni əlaqələri, milli mədəniyyətimizə bağlılıqları və dünya mədəniyyətinə verdiyi töhfələri əhəmiyyətli dərəcədə təqdirəlayiqdir. Bu sırada olan ziyalılardan biri yazıçı, tərcüməçi, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya və Azərbaycan Yazıçılar birliyinin üzvü, “Azərbaycan-Finlandiya” Dostluq Cəmiyyətinin fəxri üzvü Tahirə Cəfərovadır. Onunla Azərbaycan-Finlandiya Assosiasiyasında görüşüb söhbət etdik. Müsahibəni təqdim edirik.

-Tahirə xanım, vətəndən uzaqlarda yaşayan yazıçı, tərcüməçi kimi Azərbaycanın geniş oxucu kütləsinə sizi necə təqdim etmək olar? İstərdik ki, həyat və yaradıcılığınız haqqında danışasınız…

- Mən xoşbəxtəm ki, Bakıda tanınmış bir ziyalı ailəsində dünyaya göz açmışam. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirərək Moskva Dövlət Universitetinin aspiranturasında təhsilimi davam etdirdim. Sonra ixtisasımı dəyişərək həyatımı dil və ədəbiyyat sahəsi ilə bağladım. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldım və öz düşüncə tərzimi yenidən qurdum, dünyagörüşümü dəyişdim.

Finlandiyaya 1984-cü ildə getmişəm. İnstitutu bitirən kimi fin ədəbiyyatından tərcümələrə başladım. SSRİ Yazıçılar İttifaqında tərcüməçi kimi çalışırdım. Finlandiyaya gələndə, buradakı ədəbi dairələr məni artıq tərcüməçi kimi tanıyırdılar. Bununla belə, Finlandiya yazıçıları öz aralarında mənim azərbaycanlı olduğumu, Moskvada Azərbaycan yazıçıları nümayəndə heyətini müşayiət etdiyimi deyirdilər. SSRİ Yazıçılar İttifaqı finlandiyalı qonaqlara Moskvadan hara, hansı respublikalara səfərlə bağlı seçim imkanı verəndə mən onlara həmişə Azərbaycanı tövsiyə edirdim. Bunun doğma yurduma məhəbbətdən savayı bir izahı da vardı - bir daha Bakıya getmək, doğmalarımla görüşmək istəyi...

Sovet İttifaqı dövründə SSRİ Yazıçılar İttifaqı ilə Finlandiya Yazıçılar İttifaqı arasında sıx əlaqələr mövcud idi. Finlandiyadan yazıçılar heyəti gələndə məni dəvət edirdilər. Oradan tanınmış yazıçı və şairlər gəlirdilər, görüşürdük, eyni zamanda klassiklərin əsərlərini tərcümə edirdim. Bu görüşdən sonra Veyo Meri adlı fin klassikini tərcümə eləməyə başladım. Müasir klassik Veyo Meri Moskvaya gələndə Yazıçılar İttifaqında müəllimimiz professor Vladimir Boqaçov mənə dedi ki, sən onunla görüşə bilərsən. Lakin Xarici Komissiyadan icazə almaq şərt ilə. O vaxt Heydər Əliyev Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idi. Ziyalılar ilə görüşəndə Heydər Əliyev demişdi ki, sizin üçün yaşıl işıq, yol açmışam. SSRİ Yazıçılar İttifaqının Xarici Komissiyasına getdim. Meri ilə görüşə icazə verdilər.

Həyat yoldaşım Reyno Viitala ilə Moskvada tanış olmuşdum. O, SSRİ-Finlandiya Dostluq Cəmiyyətinin sədri idi. O, rus dilini öyrənirdi, milliyyəti fin idi. Bizim toyumuz Moskvada 1984-cü ildə “Berlin” restoranında oldu. Onun bütün qohumları Finlandiyadan toya gəlmişdilər. Bundan sonra məni Finlandiyaya sərbəst buraxdılar. Mən Merinin tərcümə etdiyim kitabını Finlandiyaya gətirdim və onunla görüşdüm. O, həmişə Yazıçılar İttifaqının tədbirlərinə məni dəvət edirdi. Beləliklə, o vaxtdan bu günədək Finlandiyada yaşayıram. Bir qızım var, adı Nərgizdir. Fin gimnaziyasını və Biznes Kollecini bitirib, iqtisadiyyat, kompüter proqramları ilə məşğul olur.

Mən Finlandiyanın Tampere Universitetində əvvəlcə slavyanşünaslıq, sonra professor Yure Varpionun rəhbərlik etdiyi fin ədəbiyyatı və incəsənəti fakültəsində dərs deməyə başladım. Y.Varpionun “Qütb ulduzları ölkəsi” kitabını fin dilindən rus dilinə tərcümə elədim.

- Finlandiyada ilk və yeganə Azərbaycan vətəndaşısınız ki, bütün həyatınızı fin dilindən rus dilinə tərcüməyə həsr etmisiniz. Uzun illərdir ki, Avropa Ədəbi Tərcüməçilər İttifaqının üzvü kimi tərcümə sənətinin tanınmış ustadları sırasındasınız. Bu pilləyə necə ucaldınız?

-Uşaqlıqdan ingilis dilini öyrənmişəm. Çalışırdım ki, fransız və alman dillərini mənimsəyim, çünki bizim ailədə yalnız ana dilində deyil, rus, fransız və almanca danışırdılar. İlk dəfə fin danışığını, nitqini eşidəndə bu dil mənə xüsusilə ahəngdar, lətif və qeyri-adi göründü, əvvəllər eşitdiyim dillərə oxşamırdı. Dərhal qərara gəldim ki, bu dili öyrənəcəyəm. Nə qədər çətin olsa da, bu dili öyrənməyə başladım. Bizim kitabxanada “Şvedskiy-Finskiy-Russkiy” köhnə lüğət var idi. Babamdan qalma bu lüğət çox əhəmiyyətli idi. Əvvəlcə özüm dili öyrənməyə başladım. Sonra bu dili dərindən öyrənmək üçün Kareliyaya getdim. Orada yerli əhali ilə tanış oldum, romantik sıx, qalın, keçilməz meşələrdə doyunca gəzdim, bütünlüklə oranın təbiətinə vuruldum. Moskvaya qayıdanda elmi cəhətdən biliklərə yiyələnmişdim.

İlk tərcümənin üzərində uzun müddət işlədiyimi heç unuda bilmirəm. Bu tanınmış fin yazıçısı Arvid Yarnefeltanın məhəbbət haqqında “O və mən” hekayəsi idi. Həmin hekayə “Literaturnaya Rossiya” qəzetinin “Xarici hekayə” rubrikasında dərc olundu. Tərcüməçilik karyeramın başlanğıc ərəfələrində gecə-gündüz çalışırdım. Bir-birinin ardınca fin yazıçılarının əsərlərini seçib tərcümə edirdim. Xüsusilə “Xarici ədəbiyyat kitabxanası” nəşriyyatında buraxılmış ilk tərcümə əsərini - fin klassiki Veyo Merinin “Bir dollara nahar” kitabını qeyd etmək istəyirəm. O cümlədən, tərcümə etdiklərim arasında “Müasir fin poeziyası” (Moskva, “Kruq”, 2010) kitabı da var idi. Kitabda keçən əsrin 50-ci illərindən başlayaraq fin şairlərinin şeirləri toplanıb.

İllər keçdikcə təkcə fin dilindən rus dilinə deyil, həm də Azərbaycan dilinə də tərcümələr etdim. Beləliklə, finlandiyalı tərcüməçilər sırasında keçən əsrin 70-ci illərindən mərkəzi ofisi Parisdə yerləşən Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü seçildim. Bizim Finlandiya Tərcüməçilər İttifaqı da bu birliyə daxildir. Həmin birlikdə məşhur ədəbi tərcüməçilər çalışırlar.

İttifaqda biz ancaq ədəbiyyat üzrə tərcümələr edirik. Mən dörd antologiyanı tərcümə etmişəm. Bu il nəşr olunmuş antologiyada 27 azərbaycanlı şairin şeirlərini Azərbaycan dilindən fin dilinə tərcümə eləmişəm. Eyni zamanda, bu almanaxda “Odlar ölkəsi” məqaləsinə giriş sözü yazaraq bütün klassik və müasir şairlərimiz haqqında məlumat vermişəm.

-Yazıçı, tərcüməçi və tədqiqatçı kimi indi hansı əsərlər üzərində işləyirsiniz?

- İlk hekayələrim və povestlərim Bakıda “Literaturnıy Azerbaydjan” və “Azərbaycan” jurnallarında dərc olunub. 1976-cı ildə “Gənclik” nəşriyyatında Azərbaycan dilinə tərcümə olunmuş “Nigar” adlı ilk şeirlər kitabım işıq üzü görüb. 1978-ci ildə “Yazıçı” nəşriyyatında rus dilində hekayə və povestlərimdən ibarət “Sarı cins” məcmuəsi çap olundu. Keçən il Finlandiyada təşəbbüs və redaktorluğum ilə “Gövhəri laməkan mənəm” adlı poeziya antologiyasında Azərbaycan poeziyası ilk dəfə Finlandiyada təqdim olundu.

Kitablarım rus və fin dillərində nəşr olunub. Hekayələrim, esselərim və şeirlərim fin dilinə tərcümə edilib. Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik. Mən də bu sahədə çalışıram. Azərbaycan ədəbiyyatı ilə Finlandiyanı tanış etmək məsələsini qarşıya məqsəd qoymuşuq. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Finlandiyada nəşr olunan “Azərbaycanın lirika antologiyası”nın təqdimatı oldu. Bu antologiyanın üzərində 2 il çalışaraq onu Azərbaycan dilindən fin dilinə tərcümə eləmişəm. Kitab Nizamidən, Nəsimidən, Füzulidən başlayaraq bu günədək seçilmiş Azərbaycan poeziyasını əhatə edir, böyük antologiyadır. Son vaxtlar əsasən yeni kitabım üzərində işləyirəm. Finlandiya Milli Arxivində elmi-tədqiqatlar aparıram. Finlandiyada olan azərbaycanlılar haqqında elmi araşdırma apararkən fars şahzadəsi general Əkbər Mirzə Qacar (1854-1919), otuzuncu illərin əvvəllərində Tamperedə “Turan” qəzetini maliyyələşdirən zəngin tatar taciri Axsena Beren (Zinətullah Axsen İmadetdinov), “Turan” qəzetinin baş redaktoru Məmməd Sadıq Axundzadə, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və başqaları haqqında arxiv materialları və digər maraqlı faktlar əldə etdim. Arxivdə Finlandiyada yaşamış digər azərbaycanlılar haqqında da məlumatlar çoxdur. Hesab edirəm ki, tapıntılarım tariximiz üçün əhəmiyyətli olacaq. Bu vaxtadək heç kim bilmirdi ki, Məhəmməd Əmin Rəsulzadə Moskvada harada yaşayıb? Mən Finlandiya arxivindən belə bir material tapdım. M.Ə.Rəsulzadə yazır ki, o, Moskvaya gəlib bu ünvanda - Priçinskiy bulvar, 29 nömrəli evdə yaşayıb. Bundan sonra Moskvadan mənə çoxlu zənglər gəldi.

Eyni zamanda, “Köhnə Bakı əfsanələri və Suomiyə yol” əsərinin ideyası məni çoxdan düşündürürdü. Son vaxtlar arxiv materialları əsasında araşdırmalardan sonra öz kitabımı bitirdim. Əsər “Literaturnıy Azerbaydjan” jurnalının 2016-cı il 9, 10 və 11-ci nömrələrində dərc edildi. Əsər janr etibarilə tarixi və həyati memuarlardan ibarətdir. Əsərdə ailəmiz, onun kökləri, iki nəslin taleyi, dövrün hadisələri, doğma şəhərim Bakıdan bəhs olunur. Oxucunun gözü qarşısında XIX və XX əsrin əvvəllərində köhnə Bakının mühiti, onun xüsusi atmosferi canlanır. İndi planlarım bundan ibrətdir ki, bu kitabı fin dilinə tərcümə edim. Povest sözügedən jurnalda rus dilində nəşr olunub. İndi yaxşı olar ki, bu povest Azərbaycan dilinə tərcümə edilsin.

- Bu dəfə Bakıya gəlişinizdə hansı dəyişiklikləri gördünüz, təəssüratlarınızı bilmək istərdik?

- Bakıya yeni gəlişim məni çox sevindirdi. Mərdəkanda bağ evində öz uşaqlıq və yeniyetmə dövrümüz haqqında kitabımın axırıncı hissəsində ətraflı yazmışam. Vaxtilə bizim Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin bağı ilə yanaşı bağımız olub. Yadımdadır, Mərdəkana gedəndə biz çox yol qət edirdik. Bugünkü Bakı-Mərdəkan yolu fantastik surətdə dəyişib. Mən bu yola həqiqətən ürəkdən vuruldum və hər gün bu yolla getmək istəyirəm. Şeirlərimdə yazmışam, bu yerləri tərənnüm etmişəm. Heydər Əliyev Mərkəzinin müasir incəsənət üslubunda inşa olunan modern binası, Bakı Olimpiya Stadionu, ümumiyyətlə ucaldılmış bütün orijinal binalar çox xoşuma gəlir. Bütün bakılıların sevimli bulvarının gözəlliyi, yenidən qurulması hamının ürəyincədir. Deyərdim ki, “Ağ şəhər”in bulvar tərəfi ekzotik gözəlliyə bürünüb. Köhnə Qara şəhərin yerində salınan, Akunin məşhur detektivində təsvir etdiyi bu yer mənə yaxşı tanışdır, biz uşaqlara şəhərin bu hissəsində gəzməyi məsləhət görmürdük, çünki orada dumanlı neftayırma zavodu var idi. Bundan əlavə, şəhərin mərkəzi və ətrafları da çox dəyişib. Bir sözlə “Alov” qüllələri, göydələnlər, yeni yaşayış massivləri göz oxşayır.

Vətəndən uzaqlarda yaşasam da, bir dəqiqə də olsun Azərbaycanı, mənim yaşadığım, xoşbəxt uşaqlıq və yeniyetməlik şəhərim Bakını, sevgi və qayğı ilə əhatə olunan doğmalarımı unuda bilmirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.