İDMAN


Takeo Hirata: Azərbaycanı sevən və həmişə onu dəstəkləyən biri olaraq mən uğurlarınıza çox sevinirəm

A+ A

Tokio, 7 noyabr, AZƏRTAC

Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycan idmançılarının Braziliya paytaxtında keçirilən “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirakı, ötən ay Tokioda baş tutmuş Dünya İdman və Mədəniyyət Forumu və “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlığın gedişi barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb. Həmin müsahibəni təqdim edirik.

-Cənab Takeo Hirata, Yaponiyanın Kioto və Tokio şəhərləri ötən ay Dünya İdman və Mədəniyyət Forumuna ev sahibliyi edib. Tədbirə müxtəlif ölkələrin sahə üzrə çoxsaylı mütəxəssisləri, dövlət və hökumət rəsmiləri qatılıblar. Tədbirin məqsədi və əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Bildiyiniz kimi, sentyabr ayında Rio-de-Janeyro Olimpiadası başa çatdı və indi bütün diqqət Tokioda cəmlənib. Bu, bizim məsuliyyətimizi artırır. Ona görə də Dünya İdman və Mədəniyyət Forumu istər idman, istər ənənələr və istərsə də biznes sahələrində əlaqələrin qurulması baxımından əhəmiyyətli bir tədbir idi. Sahə ilə əlaqədar insanlar bir araya gələrək bizim gələcəyimizi müzakirə etdilər. Gələcəyə daha yaxşı hazırlaşmaq bizim əsas məqsədimizdir. Fikrimizcə, Olimpiya Oyunları üçün sadəcə idman deyil, həm də ənənələr çox vacibdir. İndiki dövrdə Olimpiya Oyunları həm idmana, həm də ənənəyə əsaslanır və biz bütünlüklə Olimpiya Oyunlarının ənənələrinə hörmətlə yanaşırıq. Bu baxımdan “Tokio-2020” üçün mədəniyyət və ənənə sahələrinin əhəmiyyəti çox böyükdür. Bildiyiniz kimi, son zamanlar Yaponiya turizm baxımından sürətlə inkişaf edib və ölkəyə gələn əcnəbi turistlərin sayı rekord həddə çatıb. Əgər üç il əvvəl Yaponiyaya cəmi dörd milyon xarici turist gəlmişdisə, hazırda bu rəqəm 20 milyona bərabərdir. Məqsədimiz ölkəyə daha çox turist cəlb etmək və Yaponiyanın yaxşı tərəflərini onlara göstərməkdir.

-Qeyd etdiyiniz kimi, 2016-cı il tarixə Braziliyada keçirilən“Rio-2016” Yay Olimpiya və Paralimpiya oyunları ilə yazıldı. Həmin idman yarışlarında həm Yaponiya, həm də Azərbaycan idmançılarının uğurlu çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, iri və inkişaf etmiş dövlətlərlə bir sırada o qədər də böyük olmayan Azərbaycanın adının çəkilməsi yalnız qürur doğurur. Həmin sahədə tanınmış mütəxəssis kimi bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- İlk növbədə, Azərbaycanı “Rio-2016” Olimpiadasındakı böyük uğurlarına görə təbrik edirəm. Səmimi deyim ki, yarışlar barədə mənim ən böyük təəssüratım qadınlar arasında güləş yarışlarının final görüşündə yapon idmançı Eri Tosaka ilə azərbaycanlı idmançı Mariya Stadnik arasındakı qarşılaşmada oldu. Onlar hər ikisi bu görüşdə əsl mübariz kimi çıxış etdilər. Təbii ki, yapon idmançının qələbəsi bütün yaponları sevindirdi. Lakin mən bir az fərqli hisslər keçirdim. Mən həm Yaponiya, həm də Azərbaycan üçün sevinirdim. Çünki azərbaycanlı idmançı qızıl medal qazana bilməsə də, Azərbaycan adını yüksəklərə qaldırdı, bu adı daha da məşhurlaşdırdı. Həmin final görüşü Azərbaycanın bütün dünyada tanınmasına böyük dəstək oldu. Özünüz fikirləşin, yapon idmançı finala çıxıb. Bəs rəqib kim idi? Azərbaycanlı idmançı. Düşünürəm ki, bu elə özü Azərbaycanın Yaponiyada məşhurlaşmasına, daha da tanınmasına çox böyük töhfədir. Final görüşündə məhz bizim ölkə idmançılarının qarşılaşması məni həddindən artıq sevindirdi.

Ümumilikdə götürdükdə isə, Azərbaycan “Rio-2016” Olimpiya Oyunlarını 18 medalla başa vurdu. Azərbaycanı sevən və həmişə onu dəstəkləyən biri olaraq mən buna çox sevinirəm.

-Bəs azərbaycanlı idmançıların Olimpiya Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?

-Müşahidələrimə əsasən, deyə bilərəm ki, azərbaycanlı idmançılar Olimpiya Oyunlarına çox yüksək səviyyədə hazırlaşmışdılar. Bu, deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı, idmançıların yetişməsi üçün çox yaxşı şərait yaradılıb. Ölkə rəhbərliyi bu sahəyə böyük diqqət və qayğı göstərir. Azərbaycanlı idmançıların intizamı, möhkəmliyi, idmana hörməti və sevgisi onların hər çıxışında hiss olunurdu. Onlar həm Olimpiya Oyunlarına, həm də braziliyalı azarkeşlərə hörmətlə yanaşırdılar. Buna görə də deyə bilərəm ki, mənim həm Azərbaycan, həm də idmançılarınızla bağlı çox müsbət təəssüratlarım var.

-Yaponiya bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycanla bir çox sahələrdə, o cümlədən idman sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasında əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

-Mən, ilk növbədə, Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə təbrik edirəm. Bildirmək istəyirəm ki, Azərbaycanın çox düzgün müəyyən edilmiş siyasi, inkişaf strategiyası var. Bu strategiyanın əsas məqsədi Azərbaycanı dünyaya daha yaxşı tanıtmaqdır. Bu sahədə Azərbaycanın son bir neçə ildə keçirdiyi idman tədbirlərini nümunə göstərmək olar – ilk Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisi, gimnastika və voleybol üzrə dünya çempionatları, Şahmat Olimpiadası və s.

Bu baxımdan idman Azərbaycan və Yaponiya arasında əlaqələrin inkişafi üçün açar amillərdən biridir. Nümunə olaraq cüdo, futbol, voleybol və s. idman növləri üzrə yoldaşlıq görüşlərini göstərmək olar. Bu cür tədbirlər xalqlar arasında əlaqələrin inkişafı baxımından çox vacibdir. Düşünürəm ki, bu sahəyə uşaqların cəlb olunması gələcəkdə daha böyük uğurlar əldə etməyə imkan yaradar.

Bir dövlət məmuru olaraq mən Yaponiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələri yaxşı bilirəm. Buna görə də deyə bilərəm ki, biz idman sahəsində qarşılıqlı əlaqələrin inkişafında daha şanslıyıq. Hazırda biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edirik. Düşünürəm ki, bu mühüm hadisənin 50 illiyini qeyd edən zaman iki dost ölkə arasında həm siyasi, həm iqtisadi, həm də idman sahələrində əməkdaşlığımız xeyli inkişaf etmiş olacaq.

-Sizi Azərbaycanla sıx dostluq əlaqələri bağlayır. 2014-cü ildə Bakıya son səfəriniz olub. Əvvəlki səfərlərlə müqayisədə müşahidələrinizi bilmək maraqlı olardı.

-Qeyd etdiyiniz kimi, mən Azərbaycanı son dəfə 2014-cü ilin aprelində ziyarət etmişəm. Hazırda Baş nazirin müşaviriyəm və bu mövqeyimdən istifadə edərək iki ölkə arasında münasibətlərin inkişafı üçün əlimdən gələni edirəm. Bu vəzifəyə 2014-cü ildə təyin olunmuşam və yeni vəzifədə səfər etdiyim ilk ölkə Argentina olub. Həmin ölkəni Olimpiya Oyunları ilə əlaqədar ziyarət etmişdim. Bundan sonra mənim ikinci səfərim Azərbaycana oldu. Prezident İlham Əliyev məni Olimpiya Oyunlarının 2020-ci ildə Yaponiyada keçirilməsinə nail olduğumuza görə ürəkdən təbrik etdi. Qeyd etdi ki, Yaponiyada keçiriləcək Olimpiya Oyunlarının uğurlu olacağına əmindir. Söz verdi ki, Azərbaycanın ən yaxşı idmançılarını Tokioya göndərəcək. Bunu da bildirdi ki, Olimpiya Oyunlarının təşkili istənilən bir ölkə üçün çox vacib və çətin bir məsələdir. Bundan sonra Bakıda keçirilən ilk Avropa Oyunlarında qazanılan təcrübəni bizimlə bölüşdü. Qeyd etdi ki, həmin oyunlar zamanı bütün Avropa ölkələrindən olan idmançılar Azərbaycana toplanmışdı və bu, Azərbaycan dövlətinin tarixində yeni bir səhifədir.

Mənim sizin ölkəyə ilk səfərim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövrünə təsadüf edib. Həmin vaxt mən Yaponiya dövlətinin rəsmi nümayəndəsi idim və biz iki ölkə arasında strateji münasibətləri qurmağa başlamışdıq. 1998-ci ildə Heydər Əliyev Yaponiyanı ziyarət etdi. Bu, iki ölkə arasında əlaqələrin qurulması baxımından tarixi hadisə idi. İmperator Akihito ilə görüşündə Heydər Əliyev bildirdi ki, müstəqilliyini yeni bərpa etmiş bir ölkə üçün Yaponiya kimi bir dövlət ilə saziş imzalamaq çox böyük bir addımdır. Bu səfərdən sonra yapon biznesmenlər və siyasətçilər Azərbaycana xüsusi hörmətlə yanaşmağa başladılar. Biz Azərbaycanla iki layihəni - “Şimal” DRES-in yenidən qurulması və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə əlaqədar layihələri reallaşdırmağa başladıq.

Son səfər zamanı mən əvvəlki səfərlərimlə müqayisədə Bakının tamamilə dəyişdiyinin şahidi oldum. Mən əvvəlki Bakıdan əsər-əlamət tapa bilmədim. Mənim tanıdığım Bakı haradadır? Mən çox təəccüblənmişdim. Mənim ilk səfərim zamanı siz xarici restoranları barmaqla saya bilərdiniz, amma son səfərimdə onların sayı xeyli artmışdı. Həmçinin bir çox yeddiulduzlu otellər də var idi. Mən çox təəccüblənmişdim və eyni zamanda, çox sevinirdim. Çünki mənim iştirakçısı olduğum “Şimal” DRES-i layihəsi Azərbaycanın inkişafını çox dəstəkləmişdi.

İndi yeni mərhələ yaxınlaşır. Bu mərhələ yalnız iqtisadi və enerji sahələrini, eyni zamanda, yalnız yüksək səviyyəli əlaqələri nəzərdə tutmur. Biz indi xalq (grassroot) diplomatiyasına ehtiyac duyuruq. Bu baxımdan biz idman sahəsində münasibətləri inkişaf etdirməliyik. “Tokio-2020” Olimpiya Oyunları bunun üçün çox yaxşı motivasiya və çox yaxşı bir addımdır. Yaponiyada mövcud olan sistemlərdən biri şəhərlərin müxtəlif ölkələrlə dostluq əlaqəsi yaratmasını nəzərdə tutur. Həmin şəhərin ibtidai sinif şagirdlərinə bu ölkə barəsində məlumatlar verilir. Biz buna qonaq şəhər deyirik. Mən Azərbaycan üçün yaxşı bir qonaq şəhər tapmaq istəyirəm. Düşünürəm ki, insanların Azərbaycanı daha yaxşı tanıması və xalq diplomatiyası üçün “Tokio-2020” çox böyük əhəmiyyət daşıyacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.