CƏMİYYƏT
Talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası
Bakı, 1 dekabr, AZƏRTAC
"AtaSığorta" ASC B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə birlikdə talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası təşkil edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun baş ofisində keçirilən aksiyaya "AtaSığorta" ilə yanaşı, "AtaBank", "Synergy Group", "MG Holding", "İpək Yolu Sığorta", "Caspian International Investement Company" və digər şirkətlərin əməkdaşları da qoşulublar. Aksiya zamanı Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları hər bir donordan qan analizi götürüb və səhhətində problemi olmayan donorlardan qan alıblar. Yığılan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.