MƏDƏNİYYƏT
Taleb Rifai Dünya Turizm Günü münasibətilə ictimaiyyətə müraciət edib
Bakı, 15 avqust, AZƏRTAC
Taleb Rifai 27 sentyabr - Dünya Turizm Günü münasibətilə ictimaiyyətə müraciət edib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin müraciətində turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. Bu il qeyd ediləcək Dünya Turizm Gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. BMT Baş Məclisi 2017-ci ili “Beynəlxalq Davamlı Turizm İli” elan edib. Bu bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Vurğulanır ki, hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır. Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.
Müraciətin tam mətnini Dünya Turizm Təşkilatının saytında oxumaq mümkündür.
Xatırladaq ki, bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçiriləcək.