MƏDƏNİYYƏT
Taleb Rifai: Türkiyə dünya turizmi üçün önəmli ölkədir
Bakı, 6 may, Xanım Nağıyeva, AZƏRTAC
Mayın 6-da Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli nazir və Dünya Turizm Təşkilatının baş katibi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraklarından məmnunluqlarını ifadə ediblər.
Taleb Rifai Türkiyənin həm BMT-nin Dünya Turizm Təşkilatı, həm də dünya turizmi üçün önəmli ölkə olduğunu vurğulayıb. Baş katib Türkiyə ilə əməkdaşlıqdan qürur duyduqlarını vurğulayıb.
Nabi Avcı Forum çərçivəsində bir sıra məhsuldar görüşlərin keçirildiyini qeyd edib. O, Türkiyənin 2017-2021-ci illərdə UNESCO İcra Şurasına və 2018-2021-ci illərdə Dünya Turizm Təşkilatının İcra Şurasına namizədliyinə münasibət bildirərək deyib ki, bu, Türkiyə üçün önəmli və məsuliyyətli işdir.
Nabi Avcı, həmçinin noyabr ayında İstanbulda kruiz turizminə həsr olunmuş böyük tədbir keçiriləcəyini diqqətə çatdırıb. O deyib ki, konfransda turizmin bu növünün problemləri, onların həlli yolları müzakirə ediləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəyi ilə keçiriləcək konfransa təkcə regionun deyil, digər ölkələrin də nümayəndələri dəvət ediləcək.