DÜNYA
“Taliban” hərəkatı üç gün ərzində yeni liderini seçə bilər
Bakı, 24 may, AZƏRTAC
“Taliban” hərəkatı üç gün ərzində qruplaşmanın yeni liderini seçə bilər. “Dunya News” telekanalının məlumatına əsasən, hərəkat artıq bu məsələ ilə bağlı şuranın iclasını çağırıb. Lakin namizədlərin adları və iclasın keçiriləcəyi yer barədə məlumat verilmir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” hərəkatının lideri Ahtar Mansur mayın 21-də Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həyatını itirib. İslamabad aviasiya zərbəsindən narazılığını ifadə edərək bunu suverenliyinin pozulması kimi qiymətləndirib.
1994-cü ildə Əfqanıstanda yaranan “Taliban” hərəkatı 2003-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına daxil edilib.
Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında xeyli ərazini ələ keçirən “Taliban” hərəkatı böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən hərəkat hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparır.