SİYASƏT
Tallində keçirilən rəsmi qəbulda 28 May – Respublika Gününün Azərbaycan tarixindəki yerindən bəhs edilib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ölkəmizin Estoniyadakı səfirliyi tərəfindən Tallin şəhərindəki tarixi “Qarabaşlılar” binasında rəsmi qəbul təşkil edilib.
Azərbaycanın və Estoniyanın dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Tofiq Zülfüqarov çıxış edərək 28 May – Respublika Gününün tariximizdəki yerindən danışıb.
Səfir Azərbaycan ilə Estoniya arasındakı münasibətlərdən də bəhs edib. O, əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib. Diplomat Estoniya Hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə əsaslanan prinsipial mövqeyinin rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, bu mövqe hər iki ölkənin prezidentlərinin birgə bəyannamələrində əks olunub və Estoniyanın xarici işlər naziri xanım Keyt Pentus-Rosimannusun mayın 5-də verdiyi bəyanatda bir daha təsdiq edilib.
T.Zülfüqarov Avropa üçün çətin bir dövrdə Avropa Oyunları ənənəsinin təməlinin qoyulmasının məhz Azərbaycana həvalə edildiyini vurğulayıb. O, iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarının dostluq və əsl idman bayramı olacağını, rəqabətin isə yalnız idman meydançalarında aparılacağını bildirib. Diplomat Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara, o cümlədən Estoniya təmsilçilərinə uğurlar arzulayıb.
Qəbulda Avropa Oyunlarına həsr olunan videoçarxlar nümayiş etdirilib, Azərbaycan milli mətbəxinin təamları və “Qrasiya” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri təqdim olunub.
Estoniyanın yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, deputatlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və təhsil nümayəndələri, o cümlədən Baltik Müdafiə Kollecinin və Estoniya Diplomatiya Məktəbinin rəhbərliyi, Estoniya Milli Olimpiya Komitəsinin prezidenti, idman federasiyalarının nümayəndələri, aparıcı media qurumlarının rəhbərləri, tanınmış ictimai xadimlər, iş adamları, Azərbaycan diasporunun fəalları və azərbaycanlı tələbələr rəsmi qəbulda iştirak ediblər. Tədbirdə fəxri qonaq qismində Estoniyanın sabiq Prezidenti Arnold Rüütel də iştirak edib.