ELM VƏ TƏHSİL
Tam orta məktəblərdə təmayülləşmə ilə bağlı geniş tədbirlər həyata keçiriləcək
Bakı, 11 yanvar, AZƏRTAC
2017-2018-ci tədris ilində tam orta məktəblərdə təmayülləşmə ilə bağlı geniş tədbirlər həyata keçiriləcək.
Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov AZƏRTAC-a bildirib ki, hazırda bununla əlaqədar məqsədyönlü hazırlıq işləri aparılır.
Təmayülləşmənin tətbiq olunduğu məktəblərdə şagirdlər X və XI siniflərdə seçdikləri ixtisasa uyğun təmayül siniflərində təhsillərini davam etdirəcəklər.
Tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda təmayülləşmə 182 məktəbi əhatə edir. Təmayüllər dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunub. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir. Təmayül siniflərində digər fənlər müvafiq ixtisas qrupuna uyğun olaraq müəyyənləşdirilir.