ELM VƏ TƏHSİL
Tam orta təhsil üzrə buraxılış imtahanı üçün proqram təsdiq edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ingilis dili fənni üzrə seminarın iş planının, 2016-cı ildə tam orta təhsil (11 illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi olub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında komissiyanın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Çıxış edən müəllim və mütəxəssislər gündəlik məsələ ilə bağlı fikirlərini bildirib, təkliflər verilib.
Tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı üçün proqram təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqram 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi davam etdiriləcək və 2015-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.