CƏMİYYƏT
Tamaz Naveriani: Gürcüstan cəmiyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstanın ictimai-siyasi həyatında qadınların rolu artmalıdır. Savadlı qadın sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Gürcüstan cəmiyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil. Lakin azərbaycanlı qadınların dövlət dilini, hüquqlarını bilməməsi müəyyən çətinliklər yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Kənan Ömərovun fevralın 11-də Marneulidə rayonun fəal qadınları ilə görüşündə səslənib.
Ruslan Hacıyev bildirib ki, bu gün Gürcüstanda milli mənsubiyyətindən asılı olmayaq qadınlar ictimai siyasi həyatın müxtəlif sahələrində çalışırlar. Lakin onların sayı xeyli azdır. Bu amil, həmçinin qadınların üzləşdikləri məişət, təhsil, sağlamlıq və digər problemlər də ciddi narahatlıq yaradır. Gürcüstan hökuməti gender bərabərliyinin qorunması, qadınların ictimai-siyasi həyatdakı rolunun artması ilə bağlı mühüm addımlar atır, islahatlar həyata keçirir. Azərbaycanlı qadınlar da bu islahatlardan kənarda qalmamalıdırlar. Görüşün əsas məqsədi qadınların rolunun artırılması yollarını araşdırmaq, zərif cinsin nümayəndələrinin fikirlərini öyrənməkdir.
Gürcüstan cəmiyyətini azərbaycanlılarsız təsəvvür etməyin mümkün olmadığını deyən Tamaz Naveriani qeyd edib ki, bununla bağlı gender bərabərsizliyi azərbaycanlı qadınların dövlət dilini və hüquqlarını bilməməsindən qaynaqlanır. Digər bir problem isə azərbaycanlı kadrların çatışmazlığı ilə əlaqədardır. “Biz bununla bağlı fikirləri öyrənib, təkliflər hazırlayacaq və layihələr həyata keçirəcəyik”, - deyə Tamaz Naveriani diqqətə çatdırıb.
Sonra təhsil, səhiyyə, iqtisadiyyat, bank və digər sahələrdə çalışan qadınlar rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, gənclərin, xüsusən də qızların təhsilə marağı artırılmalı, onların ali məktəblərə qəbuluna və peşə seçiminə şərait yaradılmalıdır. Orta məktəblərdə dərslik çatışmazlığı, mövcud dərsliklərdəki problemlər də diqqət mərkəzində olub.
Deputatlar qeyd edilən məsələlərlə bağlı soydaşlarımıza kömək göstərəcəklərini bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi