CƏMİYYƏT


Tanıdığımız və tanımadığımız Belarus VİDEO

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC 

Belarus Teleqraf Agentliyi (BELTA) və Belarus Milli Turizm Agentliyi MDB ölkələrinin dövlət informasiya agentliklərinin jurnalistləri üçün press-tur təşkil edib. Məqsədi bu ölkənin turizm, mədəniyyət, iqtisadiyyat və istehsal potensialını təqdim etmək idi.

AZƏRTAC, TASS (Rusiya), “Kabar” (Qırğızıstan), “Kazinform” (Qazaxıstan) agentliklərini təmsil edən jurnalistlərin Belarusun paytaxtı Minsk ilə tanışlığı “Şərəf kurqanı”ndan başlanıb. Media təmsilçilərinə bu abidə haqqında məlumat verilib. Bildirilib ki, “Şərəf kurqanı” abidəsi 1941-1945-ci illərdə müharibədə həlak olanların xatirəsinə ucaldılıb.

Səfər çərçivəsində jurnalistlər Minsk, Nesvij, Brest, Qrodno, Lida və İvye şəhərlərinin tarixi abidələri, muzeyləri, görməli yerləri ilə tanış olublar.

Minskdəki Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi media nümayəndələrində xüsusi təəssürat oyadıb. Bu muzey 1941-1945-ci illərin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş insanların xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Burada müharibə illərində istifadə olunmuş silah-sursat, texnika və digər maraqlı eksponatlar qorunur. Muzeydə, həmçinin Böyük Vətən müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli əşyalar saxlanılır. Ümumi sahəsi 4200 kvadratmetr olan muzeydə 10 ekspozisiya zalı və səkkiz mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daim yeni eksponatlarla zənginləşdirilir.

Məlumata görə, Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhvetmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbçi də qətlə yetirilib.

Muzeydəki “Qələbə” zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk edilib. Onlar Belarusun işğaldan azad olunmasında böyük mərdlik və qəhrəmanlıq göstəriblər.

Daha sonra jurnalistlər UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olan “Mir” qəsrində olublar. Bildirilib ki, XV əsrə aid olan bu mədəni-tarixi abidə tarixən müharibələr zamanı qoruyucu rol oynayıb. Zəngin tarixi eksponatların saxlandığı qəsr-muzeydə hazırda bir çox festivallar, bal-maskaradlar və digər əhəmiyyətli tədbirlər keçirilir.

Nesvij şəhərində jurnalistləri musiqi və karavayla (xüsusi mərasimlər üçün hazırlanan çörək) qarşılayıblar. UNESCO-nun mədəni irs siyahısına daxil olan qədim Nesvij qəsri və Belarusun əsrarəngiz təbiətinin nümunəsi sayılan Belovej meşəsi ilə tanışlıq yaddaşlara xoş xatirələrlə yazılıb. Belovej meşəsi Avropanın qədim, toxunulmamış meşəlik ərazisi sayılır. Polşa ilə Belarusun sərhədində yerləşən, UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş meşənin ərazisi 161 min hektardan çoxdur. Ekoloji qoruqda ən cavan ağacın 81 yaşı var.

Zəngin fauna və florası olan meşədə 958 növ bitki, 570 göbələk növü, 59 növ heyvan, 227 növ quş, 7 növ sürünən, 24 növ balıq var. Bura, həmçinin dünyanın ən böyük zubr populyasiyası zonasıdır.

Belarusların vətənpərvərliyini və qəhrəmanlıqlarını əks etdirən “Brest qalası” memorial kompleksinə səfər xüsusi təəssüratlarla yadda qalıb. Brest qalasının müdafiəsi Böyük Vətən müharibəsinin ilk günlərində - 1941-ci il iyunun 22-dən 29-dək olub. Almanlar “Barbarossa” əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücum istiqamətində yerləşən Brest və Brest qalasını tutmağı planlaşdırırdılar. Hərbi mənbələrin məlumatına görə, həmin gün qalada 3,5-4 minədək döyüşçü və komandir müdafiə olunurdu. Həlak olanlar arasında keçmiş Sovet İttifaqında yaşayan 21 millətin və xalqın nümayəndələri vardı. Brest qalasının xatirə kitabında həmyerlimiz Xəlil Haqverdiyevin adı və onun haqqında arxiv məlumatları yer alıb. Brestlilər onu və burada döyüşmüş digər azərbaycanlıları böyük minnətdarlıqla xatırlayırlar. Xəlil Haqverdiyev adı memorialın lövhələrində əbədiləşdirilmiş yeganə azərbaycanlıdır. Hazırda burada qalanın müdafiəsi zamanı həlak olmuş 962 qəhrəmanın qalıqları əbədi rahatlıq tapmış, 273 ad əbədiləşdirilmişdir.

Belarusun növbəti zəngin tarixə malik qədim şəhərlərindən biri də Qrodnodur. Neman çayının sahilində salınmış Qrodno şəhəri Polşa və Litva ilə həmsərhəddir. Buraya gələn qonaqların diqqətini ən çox cəlb edən yerlərdən biri aqroturizm kompleksi olan Korobçitsıdır. Qrodnonun beş kilometrliyindəki kompleksdə uşaqlar üçün əsl nağıllar aləmi yaradılıb. Burada, həmçinin atçılıq idman növü ilə məşğul olmaq mümkündür.

Daha sonra jurnalistlər Belarusun ən böyük sənaye mərkəzi sayılan Lida şəhərində 1323-cü ilə aid “Gediminin qəsri”ndə olublar. Burada media nümayəndələri şəhərin orta əsrlərdəki həyat tərzi ilə tanış olublar.

Jurnalistlər Lida şəhərinin aparıcı “Lidskoye Pivo” zavodunun istehsal sahəsində də olub, məşhur Belarus pivəsinin ərsəyə gəlməsi prosesini izləyiblər. Qeyd etmək lazımdır ki, burada pivə ilə yanaşı, kvas və digər sərinləşdirici içkilər də istehsal olunur. Bu il 140 illik yubileyini qeyd edəcək zavod məhdud sayda olan yeni pivə seriyasının satışına başlayıb. İl ərazində zavodda 175 milyon litr pivə və digər içkilər istehsal olunur.

Belarusun çoxkonfessiyalı İvye şəhərini, sözün əsl mənasında, tolerant, multikultural məkan adlandırmaq olar. Burada müxtəlif dinlərin nümayəndələri üçün lazımi şərait yaradılıb. 1882-ci ildə tikilmiş məscid bütün dövrlərdə, hətta Böyük Vətən müharibəsi illərində də fəaliyyətini davam etdirib. Burada müsəlmanlarla yanaşı, onlarla qarışmış provoslavlar da ibadətlə məşğul olurlar. Şəhərdə XVI əsrə aid Müqəddəs Pyotr və Pavel kastyolu (katolik kilsəsi), yəhudi sinaqoqu və pravoslavların məbədi olan Müqəddəs məzlum Qavriil Belostokski kilsəsi fəaliyyət göstərir.

İvye şəhərinin mərkəzində 2012-ci ildə “Konfessiyaların dostluq və həmrəyliyi şərəfinə” xatirə abidəsi ucaldılıb.

Geniş ərazisi, ucsuz-bucaqsız meşələri, təmiz havası və insanlarının səmimiliyi, qonaqpərvərliyi və zəhmətsevərliyi ilə seçilən Belarusun hər qarışında xoş anlar yaşamaq mümkündür. Hazırda ölkənin turizm sahəsinin inkişafına göstərilən xüsusi diqqət sayəsində bura istirahət etmək üçün sərfəli və əlverişli məkandır.

Kifayət Əliyeva

Pərvanə Rəhimova

AZƏRTAC-ın müxbirləri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.