ELM VƏ TƏHSİL
“Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə növbəti görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib.
Əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra məktəblilər 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzey ilə tanış olublar.
ADU-nun İnformasiya Resurs Kompleksində keçirilən görüşdə universitetin ingilis dilinin üslubiyyatı kafedrasının müəllimləri “Sadə keçmiş zaman” (“Simple Past Tense”) mövzusunda interaktiv formada kiçik dərs keçiblər. Şagirdlərə kompleksin strukturu, iş prinsipi və fəaliyyəti, burada keçirilən tədbirlər, kurslar barədə məlumat verilib.
Görüşdə iştirak edən 129 və 220 nömrəli orta məktəblərin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunan şeir və mahnılar söyləyiblər.
Universitetin rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev şagirdlərə ADU-nun yaranma tarixi, fakültələr və kafedralar barədə məlumat verib, onların suallarını cavablandırıb.
Sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, həmçinin digər dil və mədəniyyət mərkəzləri ilə tanış olublar.
Üç ildir uğurla davam edən “Tanıdım” layihəsinin əsas məqsədi ADU ilə Bakının orta məktəbləri arasında əlaqələri genişləndirmək, şagirdlərə universitet haqqında məlumat verməkdir. Həmçinin şagirdlərin gələcək ali təhsil məktəbləri üzrə seçimləri barədə onlarda ilkin və daha doğru fikir formalaşdırmaqdır.