İDMAN
Tanınmış Azərbaycan qrossmeysteri Vüqar Həşimovun anadan olması günü münasibətilə keçirilən beynəlxalq turnirdə 10 şahmatçı irəlidədir
Bakı, 28 iyul, AZƏRTAC
Bakıdakı 6 nömrəli məktəb-liseydə tanınmış Azərbaycan qrossmeysteri, Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi Vüqar Həşimovun anadan olması günü münasibətilə şahmat üzrə 2-ci beynəlxalq turnir keçirilir.
AZƏRTAC xəbər verir ki, 8-10-12 yaşlı uşaqlar arasında keçirilən turnirdə 110 şahmatçı mübarizə aparır. Onların arasında dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar vardır.
Beynəlxalq turnirdə dördüncü tur oynanılıb. Dörd turdan sonra Azərbaycan, Gürcüstan və İrandan olan 10 şahmatçının hərəsi 3,5 xal toplayıb. 12 oyunçu liderlərdən yarım xal, 23 şahmatçı bir xal geri qalır.
Beynəlxalq turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də iştirak edirlər. Turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, Azərbaycan şahmatçısı Məhəmməd Muradlıdır (2052).
Beynəlxalq turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırovdur.
Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı və gümüş medalın sahibi “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında pulsuz mehmanxana ilə təmin olunacaqlar.