ELM VƏ TƏHSİL
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Avropa ziyalılığı ilə Şərq ziyalılığını birləşdirən, çoxşaxəli elmi-ictimai fəaliyyəti olan mərhum alimin şərəfli ömür yolundan, Azərbaycan ictimai fikrinin formalaşmasında, eləcə də ədəbiyyatşünaslıq elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıb.
V.Arzumanlını fədakar elm adamı kimi xarakterizə edən akademik vurğulayıb ki, onun Latviya, Litva, Estoniya, Ukrayna və Qazaxıstan ilə Azərbaycan arasında elmi-ədəbi əlaqələr qurulmasında böyük rolu olub. V.Arzumanlının ən böyük xidmətlərindən biri də “Kitabi-Dədə Qorqud” dastanının Litva dilinə tərcüməsi faktıdır. Onun M.Ş.Vazehlə bağlı tədqiqatlarını isə əsl vətəndaşlıq missiyası kimi dəyərləndirmək olar. Qeyd edilib ki, əsl alim və əsl insan ömrü yaşamış V.Arzumanlının həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.
Sonra Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının “Ədəbi əlaqələrin görkəmli tədqiqatçısı Vaqif Arzumanlı”, “Görkəmli alim Vaqif Arzumanlının ömür yolundan səhifələr”, “Özünəməxsus şəxsiyyət” və “Alim ucalığı sehrində” mövzusunda məruzələri dinlənilib.
Çıxış edənlər V.Arzumanlının yüksək insani keyfiyyətlərindən, pedaqoq və alim kimi səmərəli fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. V.Arzumanlının ensiklopedik biliyə malik olduğu, yeddi dildə sərbəst danışdığı, Avropa ədəbiyyatını çox gözəl bildiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanı dünyaya tanıtmaq gücünə, enerjisinə və məsləkinə malik olan bu istedadlı ziyalımız 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin müəllifidir.