ELM VƏ TƏHSİL
Tanınmış amerikalı rəssam Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçib
Bakı, 24 fevral, AZƏRTAC
Görkəmli ABŞ rəssamı Şeyn Quffoqq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün ustad dərsi keçib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunan ustad dərsində universitetin rəssamlıq fakültəsinin I-IV kurs tələbələri iştirak ediblər.
Tədbirdə universitetin prorektoru, professor Gülşən Əliyeva bu yaradıcılıq görüşünün keçirilməsində göstərilən köməyə görə təşkilatçılara minnətdarlığını bildirib və görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət topluları qonağa təqdim edib.
Sonra Rəssam fəaliyyətindən və əsərlərinin işlənmə texnikasından bəhs edib.
Vurğulanıb ki, 17 yaşından yaradıcılığa başlayan Ş.Quffoqq ən çox tələb olunan Amerika rəssamlarından biridir. Onun əsərləri Los-Anceles şəhərindəki Hammer muzeyinin seçilmiş kolleksiyalarında, Dyuk adına Müasir İncəsənət Universitetinin muzeyində, Kaliforniyadakı Frezno art-muzeyində və bir çox başqa muzeylərdə saxlanılır. Los-Ancelesdə doğulan rəssam rəngkarlıq təhsilini Kaliforniya İncəsənət İnstitutunda alıb. Rəssam 1989-1995–ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı - Edvard Ruşa (Edward Ruscha) ilə birgə işləyib. Müasir abstraksionizm məktəbini təmsil edən Ş.Quffoqq əsərlərini yağlı və sulu boya, quaş və pastel boyalarla kətan və ya kağız, eləcə də sink plitələr üzərində təsvir edir. O əsərlərində xüsusilə, XVI əsr rəssamları arasında məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir.