MƏDƏNİYYƏT
Tanınmış bəstəkar Ədilə Hüseynzadənin 100 illik yubileyi qeyd edilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkarın zahiri və daxili gözəlliyinin bir-birini tamamladığını, kübarlığı, istedadı, intellekt səviyyəsi ilə hər zaman seçildiyini söyləyib. Bildirib ki, Ədilə Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib və bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın olub. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Bəstəkarın romansları Azərbaycan musiqisinin unudulmaz inciləridir. Firəngiz Əlizadə qeyd edib ki, Ədilə Hüseynzadə Nizami, Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəylinin şerlərinə musiqilər bəstələyib, Rəsul Rzanın şeirlərinə silsilə əsərlər yazıb.
Bəstəkar gözəl səsə malik vokal ustası olub və “Arşın mal alan” filmində Asyanın vokal partiyasını məhz Ədilə Hüseynzadə ifa edib.
Firəngiz Əlizadə özünün, Müslüm Maqomayevin, Sevda İbrahimovanın, Elnarə Dadaşovanın məhz Ədilə Hüseynzadənin rəhbərliyi altında sənətdə ilk addımlarını atdıqlarını diqqətə çatdıraraq bəstəkarla bağlı xatirələrini söyləyib.
Sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xoru, Xalq Artisti Uran Seyidov (I violino), vokalçılar - Əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, Anar Şuşalı, habelə Əməkdar Artist Aleksey Miltıx (violonçel) və Soltan Məmmədovanın (II violino) ifasında bəstəkarın “Duyğular” vokal silsiləsindən romansları, “Azərbaycan bayrağı” odası, “Gözəl vətən”, “Ey vətən” və digər musiqiləri səsləndirilib.