MƏDƏNİYYƏT


Tanınmış bəstəkarın yaradıcılıq gecəsi keçirilib

A+ A

Bakı, 5 noyabr, Z.Mansurova, AZƏRTAC

Xəzər Universitetində tanınmış bəstəkar, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcovun yaradıcılıq gecəsi keçirilib.

Universitetin rektoru Hamlet İsaxanlı bəstəkarın həyat və yaradıcılığı haqqında söhbət açıb. Bildirib ki, bəstəkarlıq məktəbinin orta nəslinə mənsub olan Sərdar Fərəcov Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur. Musiqinin bütün janrlarına müraciət edən bəstəkar çoxlu sayda gözəl əsərlər yaradıb.

Bəstəkarın Azərbaycanın bir çox teatrları ilə əməkdaşlıq etdiyini söyləyən rektor, onun “Şəhərdə manyak var”, “Bir günlük siğə”, “Səhnədə məhəbbət” kimi komediyalarının Bakı, Gəncə, Lənkəran və digər bölgə teatrlarında nümayiş olunduğunu söyləyib.

Qeyd edilib ki, S.Fərəcov 50-dən çox tamaşaya musiqi yazıb. O, dahi bəstəkarımız Ü.Hacıbəylinin bu vaxta qədər səhnədə oynanılmayan “Ər və Arvad” operettasını bərpa edib, onun musiqisini orkestrləşdirib və ona səhnə tərtibatı verib.

Hazırda Türkiyədə yaşayan rejissor Əflatun Nemətzadə Sərdar Fərəcovun kino musiqisi yaradıcılığından söz açıb. Onun “Cavadxan” filminə bəstələdiyi musiqini yüksək qiymətləndirib.

Xalq Artisti Ramiz Quliyev Sərdar Fərəcovun yaradıcılığından danışaraq deyib ki, o, Azərbaycan xalq musiqisindən yetərincə bəhrələnib. Bu səbəbdən də onun əsərləri hər zaman musiqisevərlər tərəfindən sevilə-sevilə dinlənilir.

Görüşdə bəstəkarın əsərləri səsləndirilib.

Sonda S.Fərəcov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.