MƏDƏNİYYƏT
Tanınmış dirijor Nəriman Əzimovun xatirəsi anılacaq
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, tanınmış dirijor Nəriman Əzimovun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Gecədə N.Əzimovun həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq, dirijorluq sənətinin inkişafındakı xidmətləri xatırlanacaq.
Tədbir sənətkarın xatirəsinə həsr edilmiş yubiley konserti ilə davam edəcək.
Qeyd edək ki, 1936-cı ildə Gəncədə anadan olan dirijorun ömrünün 60 ili Azərbaycan Televiziyası və Radiosu ilə bağlı olub. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyətə başlayan N. Əzimov uzun illər orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.