REGİONLAR
Tanınmış dövlət və ictimai xadim Kamran Hüseynov haqqında “Ömrün 100 anı” kitabının təqdimatı
Sumqayıt, 18 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində aprelin 18-də respublikanın tanınmış dövlət və ictimai xadimi, tarix elmləri doktoru Kamran Hüseynovun əziz xatirəsinə həsr edilən, yazıçı-publisist Etibar Babayevin müəllifi olduğu “Ömrün 100 anı” kitabının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları K.Hüseynova həsr olunmuş kitab və fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə respublikanın tanınmış ictimai xadimləri, alimlər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və Kamran Hüseynovun ailə üzvləri iştirak ediblər.
Tədbirdə K.Hüseynovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Kamran Hüseynovun şərəfli həyat yolundan və ictimai fəaliyyətindən söz açdı. Bildirildi ki, Kamran Hüseynov 1913-cü il dekabrın 15-də Zəngəzur qəzasının Çərəli kəndində anadan olub. Əmək fəaliyyətinə gənc yaşlarından başlayıb, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirib.
K.Hüseynov Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, indiki Binəqədi rayonunda Partiya Komitəsinin birinci katibi, Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb, 1949-1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olub. Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. Eyni zamanda, o, respublika Həmkarlar İttifaqları Şurasının sədri olub, Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləyib. 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri vəzfəsində xidmət göstərib.
Rayon icra hakimiyyətinin başçısı vurğuladı ki, K.Hüseynovun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Azərbaycanda yeni yaşayış
məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində K.Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnib. O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb.
Sonra M.İsaqov “Ömrün 100 anı” haqqında danışaraq bildirdi ki, bu kitab bacarıqlı təşkilatçı, öz zəngin bilik və bacarığı sayəsində Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı pilləsinədək yüksələn həmyerlimizin unudulmaz xatirəsinə bir ərmağan, gəncliyimiz üçün həyat dərsliyidir.
Sonra tədbirdə çıxış edən Əməkdar Müəllim Ədalət Əsədov, rayon mədəniyyət və turizm şöbəsinin işçisi Eldar Xanlaroğlu, ağsaqqallardan Şahmar Hüseynov, vaxtilə Qubadlı rayonunda birinci katib işləmiş Zöhrab Məmmədov, Hüseyn Əsədov və digərləri K.Hüseynovu təkcə böyük ictimai xadim deyil, həm də böyük insan kimi xarakterizə etdilər. Qeyd olundu ki, Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. K.Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Sonda Kamran Hüseynovun ailəsi adından çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirdi, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.