MƏDƏNİYYƏT
Tanınmış ingiltərəli jurnalist Pol Stil Azərbaycan mədəniyyətindən və mətbəxindən yazır VİDEO
Bakı, 25 dekabr (AZƏRTAC). Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını əks etdirən daha iki məqaləsi yerləşdirilmişdir.
Məqalələrdən birində ingiltərəli jurnalist Bakının mərkəzində yerləşən Opera və Balet Teatrının binasının möhtəşəm memarlığından bəhs edir. Pol Stil qeyd edir ki, Azərbaycanda üç dəfə səfərdə olmuşdur, bu ölkənin gözəlliyinə və onun xalqına heyrandır.
Pol Stil yazır: “Azərbaycan mənim dəfələrlə səfər etdiyim az sayda ölkələrdən biridir. Amma hələ də burada çoxlu görməli və gəzməli yerlər vardır. Bakı müxtəlif mədəni irsləri özündə birləşdirir. Şəhərin hər yerində maraqlı binalar vardır. Bakının mərkəzində Opera və Balet Teatrının qədim binası yerləşir”.
Azərbaycanın opera və balet teatrının yaradıldığı ilk müsəlman ölkəsi olduğunu vurğulayan müəllif bildirir ki, bina XX əsr memarlığı ilə xalqın opera sahəsinə olan sevgisini özündə birləşdirir. 1911-ci ildə təxminən 10 aya tikilən teatrın tarixinə toxunan jurnalist binanın inşasının Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirildiyini qeyd edir. Teatr binasının ötən əsr ərzində dəfələrlə təmir edilməsinə baxmayaraq, öz tarixiliyini qoruyub saxladığını bildirən Pol Stil Bakını “xəzinələr şəhəri” adlandırır.
İngiltərəli jurnalistin ikinci məqaləsi Azərbaycan mətbəxi haqqındadır.
Pol Stil yazır: “Azərbaycan mətbəxi mənim ən sevdiyim mətbəxlər sırasındadır. Bu ölkəyə hər səfərimdə mənə tanış olan yeməklərdən dadmağa çalışsam da hələ dadmadığım yeni təamlar axtarıram. Dünyanın 11 iqlim qurşağının doqquzunun yerləşdiyi Azərbaycan çeşid, rəng və dad baxımından olduqca zəngindir. Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşən Azərbaycanın mətbəxi də hər iki mədəniyyətin təsirinə məruz qalaraq xeyli zənginləşmişdir”.
Quzu kababı, dolma, qutab, paxlava kimi Azərbaycan mətbəxinin dadlı təamlarından bəhs edən yazıda müəllif bildirir ki, bu mətbəxin yeməklərindən bircə dəfə dadmaq kifayətdir ki, onu heç vaxt unutmayasan.