CƏMİYYƏT


Tanınmış jurnalistin “Həyatım və mühitim” kitabının təqdimatı olub

Bakı, 1 iyun, Ceyhun Alışlı, AZƏRTAC

İyunun 1-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist Əlipənah Bayramovun “Həyatım və mühitim” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək jurnalistin xidmətlərindən danışıb. Yeni nəşrin əhəmiyyətini vurğulayan Şuranın sədri qeyd edib ki, Ə.Bayramov Azərbaycan jurnalistikasında əzmlə çalışan əsl peşəkarlardandır.

Vurğulanıb ki, “Həyatım və mühitim” rubrikasının qəhrəmanları təsadüfi adamlar deyil, onlar əvvəlcədən müəllif tərəfindən xüsusi diqqət və həssaslıqla seçilib. Jurnalistin bir neçə ildir ki, mətbuatda göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən Ə.Amaşov ona Ahıl Jurnalistlər Məclisinin (AJM) diplomunu təqdim edib.

AJM-nin sədr müavini Məzahir Süleymanzadə jurnalistin peşə fəaliyyətindən və kitabın məziyyətlərindən söz açıb. Təmsil etdiyi qurumun ahıl jurnalistlərə dəstəyindən danışan M.Süleymanzadə deyib ki, hər zaman olduğu kimi, bu dəfə də AJM qayğı ənənəsini davam etdirib. O deyib ki, Ə.Bayramov həmişə milli ideallara bağlı olmaqla yanaşı, günün sözünü çağdaş oxucuya çatdıra bilmək bacarığına malik jurnalist olub. Müəllifin jurnalistikamızda yeni formatda boy göstərən “Həyatım və mühitim” rubrikası olduqca dəyərli və tarixidə qalacaq yazıları (müsahibələri) özündə birləşdirib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov çıxış edərək Ə.Bayramovu peşəsinə sadiq jurnalist kimi dəyərləndirib. “Əlipənah Bayramov öz qələmini, urvatını və şəxsiyyətini həmişə gündəlik yazılarında qoruyan peşə sahiblərindəndir. Hər bir jurnalistin bələd olduğu mövzu, sahə var. Əsas odur ki, insan öz işinə peşəkarcasına yanaşsın. Əlipənah müəllimin “Həyatım və mühitim” kitabında yanaşdığı mövzular və qeyd olunan tarixi faktlar obyektiv və peşəkar jurnalist yanaşmasıdır”, - deyə M.İmanov qeyd edib.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Cahangir Məmmədli, “Xalq” qəzetinin əməkdaşı Tahir Aydınoğlu və digərləri çıxış edərək jurnalistin göstərdiyi xidmətlər və yeni nəşr barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, “Xalq” qəzetinin “Həyatım və mühitim” rubrikasında dərc olunan, dövlət müstəqilliyimizin 25 illik rübünü əhatə edən bioqrafik səciyyəli materiallar toplusu bu xronikallığın bir parçası olaraq gərəkli tarixi qaynaqdır.

Sonda çıxış edən jurnalist Əlipənah Bayramov tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.