MƏDƏNİYYƏT
Tanınmış polşalı pianoçu Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olub
Bakı, 18 dekabr, AZƏRTAC
Polşanın Azərbaycandakı səfirliyinin dəvəti ilə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü və bu ölkənin Milli Müstəqillik Günü ilə əlaqədar tanınmış polşalı pianoçu Aqneşka-Pjemık-Brılan Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində polşalı pianoçu Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olub.
Qonağa direktor Şeyla Heydərova muzeyin yaranma tarixindən, M.Rostropoviçin Bakı həyatı haqqında danışıb. Pianoçuya muzeyin 6 minə yaxın fond materialları içərisində unikal olan M.Rostropoviçin Polşa ilə bağlı materiallar - Şopen adına Varşava Konservatoriyasının doktor diplomuna layiq görülməsi haqqında sənəd, F.Şopenin “Mazruka”, Leypsiq mətbəəsinin V.A.Motsart “Sonata” adlı violonçel və f-piano çap olunmuş notlar, 1981-ci ilə aid olan F.Şopen və R.Şumanın əsərlərindən ibarət M.Rostropoviç və M.Argeriçin ifa etdiyi kompakt disklər təqdim edilib. Həmin materiallar içərisində xüsusilə üzərində L.Rostropoviçin imzası olan “Şopenin avtoqrafı” adlı çap olunmuş not yazısı, eləcə də mükafatları, ordenləri, sənədləri də yer alıb.
Fondda Polşa ilə bağlı materialların zəngin olmasından təəccübünü gizlətməyən qonaq muzeylə tanışlıqdan dahi bəstəkar Rostropoviçin həyat və yaradıcılığı ilə bağlı yeni və maraqlı faktlar öyrəndiyini bildirib.
Sonra qonaq royal arxasına keçərək F.Şopenin “Polonez” əsərindən bir parça ifa edib.
Qeyd edək ki, pianoçunun ölkəmizdə olduğu müddətdə Bəstəkarlar İttifaqında Şopenin əsərlərindən ibarət konserti baş tutub.