MƏDƏNİYYƏT
Tanınmış rəssam İnna Kostinanın fərdi sərgisi açılacaq
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın “İstidir, qaqaş” adlı fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tanınmış rəssam İnna Kostina növbəti sərgisini “İstidir, qaqaş” adlandırması təsadüfi deyil. Xalq arasında “art-yürüş” etmiş rəssam bununla öz yaradıcılığına bir yenilik gətirib. O, “İstidir, qaqaş” adlı layihəsində həssas rəssam və işinə can yandıran bir insan kimi Azərbaycanın arxetip obrazlarına dərin hörmət göstərərək onları öz tablolarında canlandırmağa çalışıb.
Rəssamın işlərinə nəzər salanda istər-istəməz dahi fransız postimpressionistləri - Anri Tuluz Lotrek və Pol Qogenin yaratdığı əsərlər yada düşür. Son zamanlar rəssam Azərbaycan milli mentalitetinə xas olan cəhətlərə xüsusi maraq göstərir. Bu maraq əvvəllər də onun rəsmlərində özünü əks etdirir. “Öpüş”, “Arabeskalar” qrafik işləri və batiklər buna nümunə ola bilər. Yeni ekspozisiyalarla isə zidd həll tapır. Bu eskizlərə o, yeni etüd formatı, kino və ya teatr obrazlılığı gətirir. Beləliklə, İnnanın kətanlarda yaratdığı obrazlar sanki, böyük səhnəyə və böyük ekranlara can atır.
Qeyd edək ki, Bakıda dünyaya göz açan rəssam Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. 1984-1989–cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir.
Bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatı olan rəssam 250–dən artıq müxtəlif sərginin iştirakçısıdır. O, fərqli üslubu ilə tanınır. Həmçinin, rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən məşhur rəssamlardan biridir.